Ana
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola Ürək süqut eyləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm,gər alimlər Min il də və`z edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm,çəkinmərəm əsla, Və ya ki,və`d edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim, Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücüylə mənə hökm edə-olum təslim, Əyilmərəm yenə haşa.Ölüm nədir ki,onun Gücüylə xalqa həqiranə eyləyim tə`zim?!
Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü,zəif bir vücud var,yahu, Ki, hazıram yıxılıb xaki-payinə hər gün Öpüm ayağını icz ilə.Kimdir o?Nədir o?
Ana!Ana!..O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir; Onun əliylə bəla bəhrinə yuvarlansam Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Əs,ey külək.Bağır,ey bəhri-biaman,ləpələn! Atıl cahana sən,ey ildırım, alış,parla! Gurulda,taqi-səmavi,gurulda,çatla,dağıl! Sən,ey günəş,yağışın yağdır,ey bulud,ağla!
Bunlar mənə əsər eylərmi?Mütləqa yox!Yox! Fəqət ana!O müqəddəs adın qabağında- O pak bağrına bassın məni,desin lay-lay, Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər,ruhum eyləyər pərvaz, Uçar səmalara o aləmi-xəyalətdə. Yatar,ölər bədənim,nitqdən düşər bir söz: -Ana...Ana...Sənə mən rahibəm itaətdə!
|